Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik dövrünə təsadüf edir.Ekspertlər bu qənaətdədirlər ki, Dağlıq Qarabağ münaqişəsi İlham Əliyevlə Dmitri Medvedev arasında keçiriləcək danışıqların əsas mövzusu olacaq.
Avqustun 31-də Azərbaycan qoşunları ilə Dağlıq Qarabağdakı erməni qüvvələrinin arasında baş vermiş qanlı döyüşlərdə ölənlər və yaralananlar olub.
Tərəflər itkilərin sayı barədə olduqca ziddiyyətli xəbərlər yayıblar.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə döyüş zamanı 3 erməni və 2 Azərbaycan əsgəri öldürülüb.
Bu məlumatı müstəqil mənbələr tərəfindən yoxlamaq mümkün deyil.
Öz növbəsində Ermənistan tərəfi baş vermiş toqquşmada 4 Azərbaycan əsgərinin həlak olduğunu və bir erməni əsgərin yaralandığını xəbər verib.
Kreml Medvedev-Əliyev danışıqlarında münaqişənin çözümünün müzakirəsinin əsas mövzu olacağını təsdiq edib.
BBC Rusiya prezidentinin müşaviri Sergey Prixodkoya istinadən bildirib ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi, Xəzər hövzəsində beynəlxalq əməkdaşlıq, həmçinin hərbi texniki sahədə əməkdaşlıq müzakirə ediləcək.
Bu da xəbər verilir ki, İran da danışıqların gündəliyində ola bilər.
Bəzi erməni mənbələri diqqəti Medvedevin Bakıya səfərinin separatçı Dağlıq Qarabağın “müstəqilliyi günü”nə təsadüf etdiyinə çəkirlər.
Bu səfəri müzakirə edən Ermənistan mətbuatı yazır ki, Dmitri Medvedevin səfərindən məqsəd Azərbaycanın davakar tərzlərini sakitləşdirməkdir.
Ermənistan Respublikaçılar Partiyasından millət vəkili Qagik Melikyan bildirir ki, Medvedevin avqust ayında Ermənistana dövlət səfəri iki ölkə arasında münasibətləri keyfiyyətcə daha yüksək səviyyəyə çıxarıb.
O diqqəti belə bir məqama çəkir ki, Medvedevin Bakıya səfəri dövlət səfəri yox, rəsmi səfərdir.
Onun fikrincə, Rusiya prezidentinin səfərindən məqsəd Azərbaycandakı “anti-Rusiya hay-küyünü” sakitləşdirməkdir.
Millət vəkili düşünür ki, Bakıdakı anti-Moskva əhval-ruhiyyəsinə səbəb məhz Yerevan və Moskva arasında hərbi əməkdaşlığa və müttəfiqliyə dair imzalanmış çox mühüm sənəddir.
Bu arada gələn həftə Azərbaycanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamənin müzakirəsi gözlənilir.
Xəbər verilir ki, bu qətnamə Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini təsdiq edir və həmçinin Dağlıq Qarabağ və ətraf rayonlarından “qovulmuş” azərbaycanlıların öz yurdlarına qayıtması tələbini qoyur.
