Liviya lideri İtaliyaya səfəri zamanı deyib ki, Avropa İttifaqı beş milyard avronu qanunsuz afrikalı mühacirlərin Avropaya
axınının qarşısını saxlamaq üçün ödəməlidir.
O bunları Romada İtaliyanın baş naziri Silvio Berluskoninin təşkil etdiyi qəbul zamanı deyib.
Müəmmar Qəzzafi bu ziddiyyətli tələbi 40 dəqiqəlik nitqi zamanı irəli sürüb.
İtaliyanın baş naziri Silvio Berluskoninin yanında duran Liviya lideri deyib ki, onun təbirincə desək, qara Avropa təhlükəsinin qarşısını almaq üçün Aİ ildə ən azı beş milyard avro ödəməlidir.
“Sabahın Avropasında ola bilsin ki, avropalılar olmasın. Çünki qitəyə milyonlarla afrikalı gəlmək istəyir. Biz bilmirik nə baş verəcək. Ac və cahil afrikalıların axını ilə üzləşən ağdərili xristian avropalıların reaksiyasının nə olacağını bilmirik. Biz bilmirik ki, Avropa mütərəqqi və vahid qitə olaraq qalacaq, ya yox. Biz bilmirik ki, qitə qədimi dünyanın vəhşilər tərəfindən işğalı kimi məhv olacaq, ya yox.”
Cənab Berluskoni polkovnik Qəzzafinin tələbini dərhal şərh etməyib. İtaliya ötən il ərzində Liviya ilə birgə dəniz patrulu həyata keçirərək dənizdə qanunsuz mühacirlərin qarşısını alıb. Onların bəzisi məcburi şəkildə Liviyaya qaytarılıb.
Cənab Qəzzafinin Romaya səfəri başqa ziddiyyətli nitqlə də yadda qalacaq.
O, bir neçə yüz gənc italyan qadının qatıldığı iki qrup qarşısında nitqlə çıxış edib. Yerli agentlik nitqi dinləmək üçün bu qadınların hərəsinə yüz dollar verib. Müəmmar Qəzzafi onlara deyib ki, İslam Avropanın dininə çevriləcək və o, qadınlara Quranın nüsxələrini təqdim edib.
O, Liviyadakı qadınların azadlıqları haqqında bir saat ərzində danışıb.
Polkovnik Qəzzafinin səfərində məqsəd Liviya ilə sabiq müstəmləkə ölkə arasında dostluq sazişinin ikinci ildönümünü qeyd etmək olub.
Bu mərasim Tripolinin illərlə keçmiş əməllərə görə kompensasiya tələblərinə son qoymuş olur.
İtaliya Liviyanı 1911-1943-cü illər arasında işğal edib.
BBC
