Lakin BMT-nin UNESCO təşkilatı xəbərdarlıq edib ki, şəhərin mədəni-tarixi irsi lazımınca qorunmadığından onu Dünya Mədəni İrsi siyahısından çıxara bilər.
“Abbanın eyni adlı mahnısından istifadə edərək, bir qrup türk fəalı İstanbulun əsas ticarət küçəsi olan İstiqlal caddəsində SOS siqnalını verirlər.
Çıxış edənlər deyirlər ki, İstanbul təhlükə qarşısında olsa da hökumət buna göz yumur. Etiraz edənlər narazıdırlar ki, UNESCO Braziliyada keçirilən toplantısında son anda İstanbulu Dünyanın Mədəni İrsi siyahısından çıxarmaq hədəsini geri götürüb.
Bundan əvvəl UNESCO qədim binaları mühafizə etmədiyinə görə şəhəri cərimə etməklə hədə-qorxu gəlirdi.
UNESCO artıq bir neçə ildir belə xəbərdarlıqlar edir. Lakin bu il İstanbul özünün Avropa Mədəni Paytaxtı kimi dünyaya tanıtdırmağa çalışır.
Şəhərin qədim məscid və gümbəzləri üzərində uzun illərdir ki gedən təmir işlərinin sürəti artırılıb. Son 17 ildə ilk dəfə Aya Sofya məbədindəki 18 tonluq nərdivanlar sökülüb.
Lakin UNESCO-nu narahat edən məşhur binalar yox, Dünya Mədəni İrsi sahələrindəki daha az tanınan qədim binalardır. Ələxüsus Osmanlı dövründən qalmış taxta evlər.
Əminə Ərdoğmuş bu evləri qorumaq üçün kampaniya aparır. Onlardan birini rəhbərlik etdiyi təşkilat cəmi 10 min dollar xərcləməklə mühafizə edə bilib. Amma o deyir ki, hökumət bu orijinal binaların dəyərini anlamır.
“Onlar deyirlər ki, bu evləri söküb yerində onların dəqiq surətlərini tiksək daha yaxşı olar. Axı bunun nəyi tarixi bina sayıla bilər?”
Füsünkar Süleymaniyyə məscidinin ətrafındakı qəmbərlər döşənmiş küçələrlə gəzəndə bir əsr və ondan bir az da qabaq tikilmiş bu taxta evlər göz oxşayırlar.
Amma onların vəziyyəti çox pisdir, təcili təmirə ehtiyacları var. Lakin orijinal görünüşü bərpa etmək ağır bir vəzifədir. Bir adam bu evləri bərpa etməyi qarşısına məqsəd qoyub.
Bu, norveçli Stay Qunner Samersetdir. O taxta evlərin vurğunudur.
“İstanbulda evləri sökürlər, sonra yenidən eynisini tikirlər. Mənim üçün bu həmin binaya olan marağı öldürür. Yenidən tikilən binalarda qədimilərin əhval-ruhiyyəsi, hansısa xarakterik nöqsanları olmur. Bilirsən ki, bu taxtanın yüz yaşı yoxdur.”
Lakin bu qədim məhəllələrdə yaşayan insanların əksər hissəsi yoxsuldur. Bir çoxu şəhərə bir neçə il əvvəl gəlib və konservasiyanın nə olduğunu bilmir. Bilsələr də, bunu etməyə imkanları yoxdur.
Tarixi rayonun meri Mustafa Dəmir də qeyd edir ki, məhz bu həmin binaların mühafizə olunmasını çətinləşdirir:
“Biz yerli hakimiyyət olaraq 200-ə yaxın taxta evi qorumaq planı hazırlamışıq. Amma sahibləri burada yaşamadıqlarına və onların qayğısına qalmadıqlarına görə, bəzən onlara burada qanunsuz yaşayanlar tərəfindən təmir işləri aparılana qədər ziyan vurulur.”
Merin çözüm yolu tapmaq üçün vaxtı azdır. UNESCO İstanbula qədim məhəllələrin mühafizəsini təmin etmək üçün gələn ilin fevralına kimi vaxt verib.
Əks halda onlar təhlükə qarşısında olan binalar siyahısına salınacaq. Körfəz üzərində keçən qədim körpünün bərpası üçün isə bundan da az vaxt qalıb.
Əminə Ərdoğmuş deyir ki, təhlükə qarşısında olan binalar siyahısına salınma bəlkə də şəhər üçün xeyirli ola bilər. Eyni zamanda o vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edir:
“Dünya Mədəni irsi siyahısından çıxarılması bir istanbullu kimi mənə ağır gələrdi.
Amma biz buna layiqik. Mən və bütün istanbullular buna görə məsuliyyət daşıyacağıq. Çünki İstanbul dünya mədəni irsi siyahısında ilk onluğa daxil olmalı şəhərdir.
Təsəvvür edin ki, bu siyahıda 890 yer var və İstanbul kimi bir şəhəri oradan atırlar. Bu biabırçılıqdır.”
BBC

